Multikultural və tolerant diyarımız – Oğuz!

Dini maarifləndirmə / 07.12.2018

Azərbaycan xalqının Ümummilli Lideri, uzaqgörən və dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı,  başqa dinlərə mənsub  olan  vətəndaşlar  da  yaşayırlar.  Azərbaycan  müstəqil,  demokratiya  prinsiplərinə  mənsub  olan  bir dövlət  kimi  öz  ərazisində  yaşayan  bütün  xalqlara,  bütün  millətlərə  dinindən,  dilindən,  irqindən,  siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristianlıq, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və ibadət evləri olan kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də, müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlardan biri də Oğuz rayonudur.

Oğuz rayonunun 43 min nəfərdən çox əhalisi var ki, onların  təxminən 85.14 %-i Azərbaycan türkləri, 11.99 %-i  ləzgilər, 0.35 %-i ruslar, 0.21 %-i yəhudilər, 0.18 %-i udilər və digər azsaylı xalqların nümayəndələridir.

Bu azsaylı xalqlar içərisində öz özəlliyi ilə diqqət çəkən ən qədim xalq udilərdir. Azərbaycanın aborigen etnoslarından biri olan udilər miladdan əvvəl III əsrdən bizim eranın VIII əsrinədək mövcud olmuş qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının 26 tayfasından biri olmuşdur. Udilərin əcdadları sayılan utilər haqqında ilk yazılı mənbələrə antik yunan müəllifləri e.ə. V əsrdə yaşamış Herodotun “Tarix”, e.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərlərində,  K.Ptolomeyin qeydlərində, eləcə də, VII əsrdə yaşamış yerli alban tarixçisi Musa Kalankaytuklunun “Alban tarixi” əsərində rast gəlinmişdir. 313-cü ildə digər alban tayfaları kimi xristianlığı qəbul etmiş udilər dil və dinlərini bu günədək qoruyub saxlamışlar. “Pasxa” və “Kala axsibay” bayramlarını yüksək əhval-ruhiyyədə qeyd edirlər. Hal-hazırda onlar kompakt şəkildə yalnız Qəbələ rayonundakı Nic qəsəbəsində və Oğuz rayonunun mərkəzində yaşayırlar. Oğuz udiləri evlərinə, geyimlərinə, mətbəxinə görə azərbaycanlılardan seçilmirlər. Oğuzda onların “Orayin” adlı mədəniyyət mərkəzi də fəaliyyət göstərir. Sayları 100-ü keçməyən Oğuz udiləri intellektual potensialları ilə xüsusilə seçilirlər.

Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupundan olan udilərin Nic və Oğuz-Oktomberi olmaqla 2 dialekti var. Qəbələ rayonunun Nic qəsəbəsində udi dili tədris edilsə də, Oğuzda onların sayı az – 100 nəfərə yaxın olduğundan  udi dili tədris edilmir. Oğuzun udi uşaqları şəhər mərkəzindəki 1 saylı tam orta məktəbdə rus bölməsində təhsil alırlar.

Nic udilərindən fərqli olaraq Oğuz udiləri xristianlığın pravoslav məzhəbindəndirlər. Onların 2010-cu ildə dövlət qeydiyyatından keçmiş Alban-Udi xristian dini icması fəaliyyət göstərir. Oğuz şəhərində albanlardan qalmış 2-si yerli əhəmiyyətli tarixi abidə olmaqla 3 qədim Alban-xristian məbədi mövcuddur ki, hər birinin qibləgahları ənənəvi olaraq şərqə tərəfdir: “Müqəddəs Yelisey bazilikası”, “Alban məbədi” və “Calut monastrı”. Bu gün rayon udiləri öz dini ibadətlərini, ayinlərini Oğuz şəhərinin şərq hissəsində yerləşən və “Qerqets monastrı” (udicə “Müqəddəs yer”) adlandırdıqları “Müqəddəs Yelisey bazilikası” adlı alban məbədində icra edirlər. Hər il may ayında keçirilən Pasxa bayramında udilər bu müqəddəs yerə gələrək dualar oxuyur, şam yandırırlar.

Bu abidə xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilmiş, alban tayfalarından olan yerli udilərin ibadət ocağı olmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan torpaqlarına köçürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmiş, nəticədə, digər tarixi-dini abidələrimiz kimi “Müqəddəs Yelisey bazilikası” da erməni təcavüzünə məruz qalmışdır. Ermənilər tərəfindən “Yeqişe Arakel” monastrı adlandırılmış, alban dilində yazılar məhv edilərək erməni yazıları ilə, alban xaçı isə erməni xaçı ilə əvəz olunmuşdur.

Oğuz şəhərində yerləşən “Alban məbədi” isə orta əsrlərdə tikilmiş, hazırda Tarix diyarşünaslıq muzeyi kimi istifadə olunur.

Oğuz rayonunun Calut kəndində yerləşən, tarixi V-VI əsrlərə gedib çıxan albanlara məxsus “Calut monastrı”nın kiçik qədim bazilika və köməkçi binalarının xarabalıqları günümüzədək gəlib çatmışdır. 1811-ci ildə kompleksə Böyük kilsə də əlavə edilmişdir.

Azərbaycan torpaqlarında yaşayan qədim xalqlardan biri də dağ yəhudiləridir. Onlar hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Dağ yəhudiləri də udilər kimi əsasən Quba rayonundakı Qırmızı qəsəbədə və qismən də Oğuz rayonunun mərkəzində yaşayırlar.

Dağ yəhudiləri XVII əsrdə Dağıstanın Axtı rayonundan Oğuza gələrək burada məskunlaşmış, buranı özlərinə ikinci vətən seçmiş, yerli əhali ilə dinc şəraitdə yaşamışlar. Dağ yəhudiləri əsasən Oğuz şəhərinin cənub-qərbində məskunlaşıblar. Rəsmi sənədlərə əsasən Oğuz şəhərində yəhudilərin sayı 1989-cu ildə 586 nəfər, 1999-cu ildə 179 nəfər idisə, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə onların bir qismi İsrailə və digər yerlərə köçüb getdiklərindən, hal-hazırda burada 90 nəfərə yaxın yəhudi yaşayır. Fərqli adətləri və dilləri ilə seçilən dağ yəhudiləri gündəlik həyatlarında 3 dildə danışırlar – fars dilinə bənzər “cuvuri”, Azərbaycan və rus dillərində. Uşaqları Oğuz şəhərindəki tam orta məktəblərdə Azərbaycan dilində təhsil alırlar.

Oğuzun dağ yəhudiləri iudaizmin ortadoksal qoluna mənsubdurlar. Azərbaycanda fəaliyyətdə olan 7 sinaqoqdan 2-si Oğuzda yerləşir. Onlar 1849-cu ildə tikilmiş “Aşağı məhəllə” və 1897-ci il tikilmiş “Yuxarı məhəllə” sinaqoqlarıdır. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst şəkildə ibadət edirlər.

Oğuzun müsəlman və türksoylu əhalisi ilə əsrlər boyu mehriban və dinc şəraitdə yaşayan qeyd etdiyimiz azsaylı xalqlar özlərinə məxsus adət-ənənələri, həyat tərzləri, folkloru, ədəbiyyatı, maddi mədəniyyət nümunələrini, dinlərini, dillərini qoruyub saxlamışlar.

Beynəlxalq  aləmdə irqçilik,  millətçilik,  ksenofobiyanın genişləndiyi, etnik və  milli  dözümsüzlüyün, qarşıdurmaların hökm sürdüyü bir zamanda Azərbaycan  Respublikasında  multikulturalizm,  dinlərarası  və mədəniyyətlərarası dialoq, tolerantlıq və etnik müxtəlifliyin birgəyaşayış modelinin mövcud olması dünya üzrə nadir hallardan hesab olunur.

 

 

Samir Salehov,

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı