Azərbaycan İlahiyyat İnstitutunun birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib

Press-relizlər / 08.02.2019 / 17:26

Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Rektor Ceyhun Məmmədov Aİİ-nin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını deyib. Bildirib ki, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasıdır.

Ceyhun Məmmədov Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Aİİ-nin yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.

Rektor ötən bir il ərzində institutun gördüyü işlər, fəaliyyət istiqamətləri və hədəfləri haqqında məlumat verib.

DQİDK-nın sədri Mübariz Qurbanlı institutun birillik fəaliyyətini yüksək qiymətləndirib. O, institutun yüksəkixtisaslı kadrlar hazırlanması üçün əlverişli təhsil mühiti yaradacağına, gənclərin başqa ölkələrə dini təhsili almağa getməsinin qarşısının alınacağına, dini məbədlərimizin yüksəkixtisaslı din xadimləri ilə təmin olunacağına ümidvar olduğunu deyib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini söyləyib. Vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır, dini tolerantlıqla bağlı dünyaya ciddi mesajlar verir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev institutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Cəmiyyətimizdə dini təhsilə böyük tələbat olduğunu deyən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein İlahiyyat İnstitutunun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə ölkədə bu dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək.

Milli Məclisin deputatı Fazil Mustafa din sahəsində kənar təsirlərdən uzaq, milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı mütəxəssislərə ehtiyac olduğunu deyib, institutun bu cür kadrlar yetişdirəcəyinə inamını ifadə edib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.

Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim Aİİ-nin məqsəd və hədəflərini müsbət dəyərləndirib, instituta fəaliyyətində uğurlar arzulayıb.

Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev Aİİ-nin yaranması və fəaliyyətinin birilliyi münasibətilə institut heyətini təbrik ediblər.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətindən bəhs edən “Dəyərlərin izi ilə” sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Press-relizlər
08.02.2019 / 17:56
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Dövlət Bayrağı Günü münasibətilə Cocuq Mərcanlıya səfər edib

Press-relizlər
12.11.2018 / 10:20
Ətraflı oxu

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti: Bundestaqın qətnaməsi qərəzlidir

Bəyanat
14.06.2015 / 16:00
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu