“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər / 28.03.2019 / 16:45

Martın 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib.

Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ermənistanın Azərbaycan xalqına qarşı davam edən təcavüzünün qurbanlarının təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimizin olması barədə danışıb. Bildirib ki, dini-mədəni abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. Ermənilər bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını sübut etmək iddiasındadırlar. O qeyd edib ki, ermənilər özlərinin “böyük Ermənistan” arzusunu gerçəkləşdirmək üçün bu abidələri dağıdıb məhv edirlər. Bu abidələrin erməniləşdirilərək özününküləşdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılır, təhqir olunur. Komitə sədrinin birinci müavini deyib ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

S.Salahlı vurğulayıb ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı isə məbədlərdir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edirlər.

DQİDK sədrinin birinci müavini diqqətə çatdırıb ki, ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir və erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində münasibət bildirilir. Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə üzərindən sükutla keçirlər. Təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik və öz münasibətimizi ən müxtəlif istiqamətlərdə bildiririk.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev tədbirin aktuallığını qeyd edib, erməni saxtakarlığının ifşası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı müzakirələrin aparılması, bu barədə cəmiyyətin tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov və Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker çıxışlarında ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri, ölkəmizin mədəni irsinə qarşı təcavüz faktları, o cümlədən dini-mədəni ibadətgahların mahiyyətinin dəyişdirilməsi barədə danışıblar.

Konfrans müzakirələrlə davam edib.

 


Son baxılan xəbərlər

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər
12.04.2019 / 17:08
Ətraflı oxu

Saatlıda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
04.02.2019 / 17:14
Ətraflı oxu

Oğuzda “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2017 / 17:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Press-relizlər
22.01.2019 / 14:24
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızıda tədbir keçirilib

Press-relizlər
25.05.2016 / 17:56
Ətraflı oxu

Zaqatala rayonunun Maqov kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri olub

Press-relizlər
23.05.2018 / 15:06
Ətraflı oxu