Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər / 24.04.2019 / 17:40

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.

Regional konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən nümunəvi dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılmasından söz açıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görülüb, rayonda dini durum sabitdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində aparılan işlər barədə danışıb.

Müasir dünya üçün ən ciddi təhdidlərdən birinin terror və ekstremizm olduğunu bildirən Komitə sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib. Diqqətə çatdırıb ki, hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib.

Bildirilib ki, heç bir din radikallığa çağırış edə bilməz. Həm İslamın, həm də Xristianlığın və Yəhudiliyin müqəddəs kitablarında insanlar birliyə, sülhə, əmin-amanlığa çağırılır. Amma bu gün dünyada din adı altında terrorlar törədilir, qarşıdurmalar yaradılır. İnsanların din adı ilə bir-birini qırması, terrorlar törətməsi cəhalətin nəticəsidir.

Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib. “Azərbaycanda heç vaxt dini və etnik müxtəlifliyə görə ayrı-seçkilik olmayıb. Bütün dinlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayır, sərbəst şəkildə öz inanclarını yerinə yetirirlər. Eyni zamanda, İslam dini daxilində də məzhəb ayrı-seçkiliyinin əleyhinəyik. Dini siyasiləşdirmək, dindən sui-istifadə etmək istəyənlərə, məzhəb ayrı-seçkiliyi salanlara aramızda yer olmamalıdır”, - deyə M.Qurbanlı vurğulayıb.

Dini maarifləndirmənin vacibliyindən danışan Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Burada yüksəkixtisaslı, azərbaycançılıq ideyasının daşıyıcısı olan, islami dəyərləri, o cümlədən digər dinləri mükəmməl bilən kadrlar yetişəcək və gələcəkdə din sahəsində çalışacaqlar. M.Qurbanlı diqqətə çatdırıb ki, gənclərimizin maarifləndirilməsi, məlumatlandırılması məqsədilə yeni tədris ilindən ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq. O, eləcə də orta ümumtəhsil məktəblərində “Həyat bilgisi” fənninin proqramının genişləndirilməsi, İslam dini ilə bərabər digər dinlər haqqında da məlumatların verilməsinin əhəmiyyətinə toxunub.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov regionlarda keçirilən bu cür konfransların əhəmiyyətini yüksək qiymətləndirib.

Konfrans işini aprelin 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Son baxılan xəbərlər

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
13.03.2019 / 10:04
Ətraflı oxu

Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Press-relizlər
23.01.2019 / 10:55
Ətraflı oxu

“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.06.2019 / 17:02
Ətraflı oxu

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Astarada 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Press-relizlər
29.03.2018 / 09:56
Ətraflı oxu