Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin jurnalist Səbuhi Abbasovun iddiaları ilə bağlı açıqlaması

Açıqlama / 17.10.2019 / 11:00

Son günlər bəzi saytlarda Azərbaycan-Slavyan Gənclər Assosiyasiyasının sədri, jurnalist Səbuhi Abbasovun “Facebook” səhifəsindəki yazısına istinadən ATƏT-in tədbiri çərçivəsində bizim icma tərəfindən Varşavada 24 sentyabr 2019-cu ildə təşkil olunmuş “Udilərin dini etiqad məsələsi: Azərbaycan timsalında” adlı tədbirlə bağlı tamamilə böhtan xarakterli məlumat yayılmışdır. Bu isə Alban-udi xristian dini icmasının mənsublarının narahatlığına səbəb olmuş və bizi dərindən məyus etmişdir. Əfsuslar olsun ki, S.Abbasov tərəfindən yayılmış yalan məlumat ictimaiyyəti çaşdırmaqla yanaşı, tədbirimiz barədə yanlış təsəvvür oyatmışdır. Odur ki, məsələyə aydınlıq gətirməyi zəruri hesab edirik.

Birincisi, S.Abbassov iddia edir ki, tədbirin təşkilatçılığı və maliyyələşməsi Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən həyata keçirilmişdir. Bu tamamilə yalan məlumatdır. Bəyan edirik ki, “Udilərin dini etiqad məsələsi: Azərbaycan timsalında” adlı paralel tədbirin təşkilatçısı icmamızdır. Eyni zamanda, bu tədbirin bütün maliyyə xərcləri icmamız tərəfindən ödənilmişdir. Əlimizdə bunu sübut edəcək kifayət qədər faktlar (hesab-fakturalar) var və onları şəffaf formada ictimaiyyətə təqdim edirik. Bu ittiham dolu qərəzli yazını yazmazdan öncə S.Abbasov özü üçün müəyyən etməli idi ki, tədbirin maliyyələşməsi PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, yoxsa Alban-Udi icması tərəfindən həyata keçirilmişdir;

İkincisi, S.Abbasov iddia edir ki, guya sözügedən paralel tədbirin keçirilməsi üçün ən azı 100 nəfərlik yemək masası açılıb və belə təəssürat oyatmağa çalışır ki, sanki böyük məbləğdə pullar xərclənib. Bu böhtanı ifşa etmək üçün əlimizdəki hesab-fakturalara nəzər yetirməyiniz kifayətdir. Belə ki, biz, icma olaraq, cəmi 30 nəfərlik yemək masası sifariş vermişdik. İcmamız tədbirə görə, zalın icarəsi, tərcüməçi, texniki təchizat və yemək xərci daxil olmaqla, ümumilikdə, 4960 Polşa zlotası (1156 Avro) xərcləmişdir. Göründüyü kimi, S.Abbasovun şişirtdiyi rəqəmlər reallıqdan tamamilə uzaqdır və bu xaricdə bir tədbirin keçirilməsi üçün ən minimal məbləğdir;

Üçüncüsü, tədbirimizdə az adamın iştirakına gəlincə, bunu inkar etmək fikrində deyilik. Baxmayaraq ki, xaricilər üçün ingilis dilində dəvətnamələr hazırlayıb-paylamışdıq, orada iştirak edən vətəndaş cəmiyyətlərinin nümayəndələrinə hətta tək-tək yaxınlaşıb tədbir barədə məlumat vermişdik, əfsuslar olsun ki, arzuladığımız qədər iştirakçı qatılmamışdır. S.Abbasov burada da təhrifə yol verir. Onun iddiasının əksinə olaraq, tədbirimizdə iki nəfər deyil, ümumən, yeddi nəfər iştirak etmişdir. Onlar arasında müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də olmuşdur. S.Abbasov isə dəstək olmaq əvəzinə, tədbir bitənə yaxın zala daxil olmuş və bizi “rüsvay” etmək məqsədilə şəkillər çəkmişdir. Düzü, bu hərəkəti düşmən tərəfi etsəydi, təsir etməzdi. Lakin öz azərbaycanlımız tərəfindən belə addımın atılması bizi sarsıtdı. O ki qaldı, az sayda insanın önündə çıxış etmək məsələsinə, bu qəbahət deyil. Tədbir etikası tələb edir ki, bir nəfər iştirakçı olsa belə, onun qarşısında çıxış etmək lazımdır;

Dördüncüsü, Prezident Administrasiyasının şöbə müdiri E.Nəcəfovun çıxışına gəlincə, o, bizim dəvətimizlə  iştirakçı kimi tədbirə qatılmışdır. O, Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması sahəsində gördüyü işlər, habelə erməni işğalçıları tərəfindən qədim alban xristian məbədlərinin necə mənimsənildiyi barədə məlumat vermişdir;

Və sonuncusu, S.Abbasovun tədbir təşkilatçılarını dövlətə xəyanətdə ittiham etməsi məsələsinə gəlincə, sual yaranır, erməni yalanını beynəlxalq miqyasda ifşa etmək kimi ülvi məqsədi güdən bir tədbirə qara yaxmaq, faktları araşdırmadan öz aləmində onu “rüsvay” etmək kimlərin işinə yarayır? “Reket” jurnalistikası metodlarından istifadə edən S.Abbasovdan fərqli olaraq, biz, onu xəyanət kimi ağır məsələdə ittiham etmək istəməzdik. Lakin hər kəsi düşünməyə dəvət edirik. Biz, udilər, əsrlər boyu erməni vandalizmindən əziyyət çəkmişik. Erməni şovinistləri Azərbaycan xalqının irsi olan qədim Alban məbədlərini mənimsəməyə çalışır, durmadan beynəlxalq tədbirlərdə bununla bağlı təbliğat aparır, lazım gələndə, hətta bir nəfərin qarşısında çıxış edərək öz maraqlarını müdafiə edirlər. İndi nə edək? Bizdən asılı olmayan səbəblərə görə tədbirə az adam qatıldı deyə, əl-qolumuzu bağlayıb missiyamızdan vazmı keçməliydik? Beynəlxalq tədbirdə bir nəfər xarici dinləyici olsa belə, onun qarşısında ermənilərin bəd əməllərini ifşa etməyi özümüzə mənəvi borc hesab edirik. İndi sual olunur, S.Abbasov bizim tədbir barədə iftiralar yaymaqla düşmən dəyirmanına su tökməkdən başqa, nə əldə etdi?!

 

 


Son baxılan xəbərlər

Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər
24.01.2019 / 17:48
Ətraflı oxu

Dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilir

Press-relizlər
10.01.2018 / 16:39
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Xızıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.07.2019 / 14:41
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
01.03.2018 / 09:18
Ətraflı oxu

Zərdabda Beynəlxalq Ailə Günü münasibəti ilə “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda ...

Press-relizlər
15.05.2018 / 17:28
Ətraflı oxu