Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xəbərlər / 05.01.2021 / 17:27

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib, ən səmimi arzu və diləklərini yetirib.

Təbrikdə Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyətinin, dostluq və qardaşlıq mühitinin hökm sürdüyü bildirilir. Qeyd olunur ki, dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan ölkəmizdə mütərəqqi milli-tarixi ənənələrin, etnik-mədəni müxtəlifliyin, multikultural dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Təbrikdə bildirilir ki, 2020-ci il uzun müddət davam edən Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin zəfər çalması ilə əlamətdar olub. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, o cümlədən etno-mədəni zənginliyi ilə seçilən cəmiyyətimizdə özünəməxsus yeri olan xristian inanclı həmvətənlərimiz torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq nümunələri göstərib, eyni zamanda, erməni faşizmi ilə informasiya cəbhəsində və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində yüksək fəallıqla mübarizə aparıblar. Dövlətimizin başçısı ölkəmizdə yaşayan bütün xalqların müqəddəs Vətən müharibəsində nümayiş etdirdiyi birlik və bərabərliyi, sarsılmaz milli-mənəvi həmrəyliyi tarixi qələbəmizi şərtləndirən başlıca amil kimi qiymətləndirdiyini vurğulayır.

Prezident əmin olduğunu bildirir ki, pravoslav xristian icması ümumi evimiz olan Azərbaycanın tərəqqisi və daha da güclənməsi naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcək.

“Əziz həmvətənlər!

Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!”, - deyə təbrikdə qeyd edilir.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühiti mövcuddur"

Xəbərlər
05.01.2018 / 09:32
Ətraflı oxu

İslam tolerantlıq dinidir

Press-relizlər
07.02.2018 / 15:31
Ətraflı oxu

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
02.03.2018 / 09:51
Ətraflı oxu

Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
23.12.2020 / 11:42
Ətraflı oxu

Nərimanov rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.05.2019 / 15:15
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb

Press-relizlər
11.07.2018 / 17:40
Ətraflı oxu