
Xəbərlər / 23.02.2021 / 15:40
Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə aidiyyəti qurumların nümayəndələri, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu qeyd edib.
Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Xocalı faciəsinin ağır nəticələrindən, ermənilərin törətdiyi vəhşiliklərdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açaraq Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu vurğulayıb.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlərə toxunub.
Daha sonra çıxış edənlər Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atıldığını bildiriblər.
*** *** ***
23 fevral tarixində Xocalı soyqırımına həsr olunmuş digər videokonfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilib.
"Xocalı Soyqırımını Unutmayaq" adlı tədbirdə müxtəlif qurumların nümayəndələri, Mingəçevir şəhər din xadimləri və YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin fəal üzviləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin əməkdaşı Əlisa Fərəcov 1992-ci ilin 26 fevral tarixində amansızlıqla törədilmiş Xocalı hadisəsində minlərlə soyadışımızın şəhid olduğunu, itkin düşdüyünü qeyd edib. Xocalı faciəsinin əsl siyasi-hüquqi qiymətini Ümummilli Lider Heydər Əliyevin sayəsində aldığını vurğulayaraq məhz 44 gün davam edən Vətən müharibəsində qəhrəman hərbçilərimizin Xocalı qurbanlarının qisasını aldıqlarını və bundan sonrada tarix var olduqca xalqımızın bu müsibətli faciəni unutmayacağını bildirib.
Daha sonra çıxış edən Mingəçev Turizm Kollecinin müəllimi Elşad Səmədov 29 il bundan öncə vəhşi erməni qəsbkarlarının Xocalıda azərbaycanlılara qarşı dünyada misli görünməmiş faciə törətdiklərini qeyd edib. O, eyni zamanda Xocalının Qarabağ üçün strateji əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir şəhəri "Heydər" məscidinin imam müavini Müşfiq Nəcəfov da xalqımızın başına gətirilən bu müsibətli soyqırımı barədə danışıblar.