
Press-relizlər / 06.04.2021 / 15:54
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Vətənpərvərlik nümunəsi: qazilər və şəhidlər” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir şəhərinin din xadimləri, QHT nümayəndələri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Videokonfransda Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbülfət Ədilov, şəhid ailələrinin üzvləri və başqaları çıxış edərək, 44 gün davam edən müharibənin qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildiyini vurğulayıblar. Qeyd olunub ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Eyni zamanda, natiqlər dövlətimizin şəhid ailələrinə və qazilərimizə diqqət və qayğısından da danışıblar.