Şamaxı "Cümə" məscidi

Şamaxı rayonu


Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılması üçün bərpa və yenidənqurma işləri zamanı Şirvan memarlıq məktəbinin ənənələrinə maksimum diqqət yetirilib. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər.

Ötən əsrin 70-80-ci illərində təmir işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə möhkəmləndirilib.

Məscidin həyətində abadlıq işləri görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu, zəngin kitabxana yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb.

 

X X X

 

Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib.

1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb.

1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş