"Xilaskar" Yevangelik-lüteran kilsəsi

Nəsimi rayonu


Xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir.

Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak etmişdilər.  Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilmiş və 70.000 rubla başa gəlmişdir.

24 iyun 1898-ci ildə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənilmişdi. 1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırılmış, 4 fevral 1899-cu ildə kilsədə ilk orqan musiqisi eşidilmişdir. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutmuşdur. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdir.

23 aprel 1900-cü ildə kirxada ilk dini orqan konserti baş tutmuş, konsertdə İ.S.Baxın əsərləri səsləndirilmişdir. Sonradan bu cür konsertlər ənənəyə çevrilmiş və 1928-ci ilə kimi davam etdirilmişdir.

Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı ilə "kamera və orqan musiqisi zalı" adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.

15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır.

Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayırılır. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilmişdir. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuş, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.

Kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyətini davam etdirir.